Naxçıvan şəhər komandası basketbol üzrə klublararası muxtar respublika çempionu olub
Naxçıvan şəhər komandası basketbol üzrə klublararası muxtar respublika çempionu olub Naxçıvan Dövlət Universitetinin İdman Komleksində ümumtəhsil məktəblərinin oğlanlardan ibarət klubları (VIII-XI siniflər) arasında muxtar respublika birinciliyinə start verilib. Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi, Təhsil Nazirliyi və Naxçıvan Basketbol Federasiyası tərəfindən birgə təşkil olunan birincilikdə olimpiya sistemi üzrə 8 komanda mübarizə aparıb. İki gün davam edən yarışın yarımfinal mərhələsində “Şərur Fizika- riyaziyyat təmayüllü liseyin komandası ilə, Culfa rayon komandası qarşı-qarşıya gəlib. Culfa komandası 18-16 hesabla qalib gəlib. Final qarşılaşmasında Naxçıvan şəhər basketbol komandası ilə Ordubad rayon komandası üz-üzə gəlib. Gərgin keçən oyunun sonunda Naxçıvan şəhər komandası 26-21 hesabla qalib olub. Naxçıvan Basketbol Federasiyasının sədr müavini Məmmədəli Rəhimov basketbol yarışının təşkili, keçirilməsi, yarışların gedişatı və nəticələri haqqında danışıb. Yarışın sonunda Naxçıvan Basketbol Federasiyasının sədri Elbrus İsayev muxtar respublikada idmanın inkişafına göstərilən diqqət və qayğıya görə minnətdarlıq edib. Bildirilib ki, ölkəmizdə bütün idman sahələrinin uğurlu inkişafı ilə yanaşı, basketbol idman növünə də xüsusi önəm verilir. Universitetin idman sahəsindəki uğurlarından bəhs edən Elbrus İsayev qazanılan nailiyyətlərin ölkədə və muxtar respublikada idmanın inkişafına, gənclərin mənəvi fiziki cəhətdən sağlam yetişməsinə göstərilən diqqət və qayğının nəticəsi kimi qiymətləndirib. Naxçıvan Muxtar Respublikası Gənclər və İdman naziri Ramil Hacı ölkəmizdə uğurla həyata keçirilən dövlət gənclər və idman siyasətindən danışıb. Qeyd edilib ki, bu sahədə aparılan məqsədyönlü siyasət nəticəsində ölkəmiz bir sıra idman yeniliklərinə imza atıb, Azərbaycanda böyük idman infrastrukturu yaradılıb, respublikamız dünyada idman ölkəsi kimi tanınmağa başlayıb. Sonda qaliblərə kubok, medal, diplom və hədiyyələr təqdim edilib. Qeyd edək ki, ali təhsil ocağında ötən il hakimlik və məşqçilik üçün təşkil edilən seminarda iştirak edən tələbələr yarışların hakimi olublar.