Naxçıvan Dövlət Universitetində Basketbol oyun növü üzrə seçmə yarışların açılışı olub
Naxçıvan Dövlət Universitetində Basketbol oyun növü üzrə seçmə yarışların açılışı olub Ali təhsil ocağının I kursda təhsil alan tələbələri arasında basketbol üzrə seçmə yarışların açılış mərasimi keçirilib. Universitetin idman kompleksində təşkil olunan tədbirdə ali təhsil müəssisəsinin rektoru Elbrus İsayev Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “2020-2025-ci illər üçün Naxçıvan Muxtar Respublikasında idmanın inkişafına dair Dövlət Proqramı”na əsasən muxtar respublikada idmanın inkişafı sahəsində aparılan ardıcıl tədbirlərin sağlam ruhda yetişən gənc nəslin hərtərəfli inkişafının təmin edilməsində böyük rol oynadığını diqqətə çatdırıb. Ali təhsil ocağında 16 idman növü üzrə keçirilən məşğələlərdən söz açan Elbrus İsayev universitetin məşqçilərinin və tələbələrinin muxtar respublikanı həm respublika, həm də beynəlxalq turnirlərdə müxtəlif idman növləri üzrə təmsil etdiklərini vurğulayıb. Qeyd edilib ki, basketbol üzrə də tələbələr universiteti ölkə üzrə ali təhsil müəssisələri arasında təşkil olunan yarışlarda, həmçinin Türkiyənin bir çox nüfuzlu universitetlərinin basketbol komandaları ilə baş tutan görüşlərdə layiqincə təmsil ediblər. Rektor ənənəvi olaraq keçirilən yarışların əhəmiyyətini vurğulayıb, komandalara uğurlar arzulayaraq, yarışı açıq elan edib. Universitetin “Bədən tərbiyəsi” kafedrasının dosenti, İdman klubunun sədri Məmmədəli Rəhimov keçirilən yarışların məqsəd və vəzifələri haqqında iştirakçıları məlumatlandırıb. Diqqətə çatdırılıb ki, baş tutan yarışlar basketbol idman növünü təbliğ etmək, istedadlı tələbələri seçərək yığma komandanın tərkibinə salmaq, tələbələri basketbol məşqlərinə cəlb etmək və onların asudə vaxtlarının daha səmərəli təşkil olunması məqsədini daşıyır. Məşqçilik ixtisası üzrə II kurs tələbəsi Fuad Əşrəfli və həmin ixtisas üzrə III kurs tələbəsi Fərid Rəsullu çıxışları zamanı tələbələr üçün yaradılan şəraitə, göstərilən diqqət və qayğıya görə minnətdarlıq ediblər. Sonra oyuna start verilib. Beynəlxalq Basketbol Federasiyasının mövcud qaydalarına əsasən keçirilən qarşılaşmada ümumilikdə 8 komanda iştirak edib. Gərgin mübarizə şəraitində baş tutan oyunların sonunda Tibb fakültəsinin komandası İqtisadiyyat və idarəetmə fakültəsinin komandasına 34:13 hesabla qalib gələrək I yerin sahibi olub. İqtisadiyyat və idarəetmə fakültəsi müvafiq olaraq II, Memarlıq və mühəndislik fakültəsi ilə Pedaqoji fakütənin komandası isə III yerdə qərarlaşıb.