Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi və Naxçıvan Muxtar Respublikası Basketbol Federasiyasının birgə təşkilatçılığı ilə ali və orta ixtisas məktəb tələbələri arasında basketbol idman növü üzrə muxtar respublika birinciliyi keçirilib.
Naxçıvan Dövlət Universitetin idman kompleksində təşkil olunan tədbirdə Naxçıvan Muxtar Respublikası Basketbol Federasiyasının sədri Elbrus İsayev Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “2020-2025-ci illər üçün Naxçıvan Muxtar Respublikasında idmanın inkişafına dair Dövlət Proqramı”na əsasən muxtar respublikada idmanın inkişafı sahəsində aparılan ardıcıl tədbirlərin gənc nəslin hərtərəfli inkişafının təmin edilməsində böyük rol oynadığını diqqətə çatdırıb. Tələbələrin həm ölkə, həm də beynəlxalq səviyyəli turnirlərə müxtəlif idman növləri üzrə qatıldığını vurğulayan Elbrus İsayev qeyd edib ki, basketbol idman növü üzrə də gənclər muxtar respublikanı layiqincə təmsil edirlər. Sədr ənənəvi olaraq keçirilən yarışların əhəmiyyətini vurğulayıb, komandalara uğurlar arzulayaraq, yarışı açıq elan edib.
Naxçıvan Muxtar Respublikası Basketbol Federasiyasının sədr müavini Məmmədəli Rəhimov diqqətə çatdırıb ki, baş tutan yarışlar muxtar respublikada basketbol idman növünün təbliği, ən güclü komanda və idmançıların seçimi, tələbələrdən ibarət yığma komandanın tərkibinin müəyyən edilməsi məqsədi daşıyır.
Sonra oyuna start verilib.
Beynəlxalq Basketbol Federasiyasının mövcud qaydalarına əsasən keçirilən qarşılaşmada ümumilikdə 7 komanda iştirak edib.
Gərgin qarşılaşmaların sonunda Naxçıvan Dövlət Universitetinin əcnəbi və yerli tələbələrdən ibarət komandaları finala vəsiqə qazanaraq, üz-üzə gəliblər. Qeyd edək ki, 45:39 hesablı qələbə ilə əcnəbi tələbələr basketbol üzrə muxtar respublika birinciliyinin qalibi olub.
Məlumat üçün onu da bildirək ki, Naxçıvan Dövlət Universitetinin yerli tələbələrdən ibarət komandası müvafiq olaraq II, “Naxçıvan” Universitetinin komandası isə III yerdə qərarlaşıb.
Sonda komandalara kuboklar, komanda üzvlərinə isə diplomlar təqdim edilib.